Direktorun ailəsində dəhşətli qətl
23 Mart 2011 Çərşənbə 10:59
Yeznə qaynanası və qaynını qətlə yetirdi, qaynatasını yaraladı
Ötən gün axşam saatlarında Şabran rayonunda dəhşətli qətl hadisəsi baş verib. Şabran rayon Prokurorluğunun müstəntiqi Elmar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, rayon sakini İmran Məmməd oğlu Mirzəyev (1974-cü il təvəllüdlü) ilk olaraq qaynanası Firəngiz Məhəmməd qızı Həmidovanı (1955-ci il təvəllüdlü), daha sonra isə qaynı Elxan Nazim oğlu Həmidovu (1978-ci il təvəllüdlü) Bəbək küçəsindəki qaynatasına məxsus mağazada 16 kalibrli ov tüfəngindən atəş açaraq qətlə yetirib.
Müstəntiqin sözlərinə görə, bununla kifayətlənməyən İmran Hüseyn Cavid küçəsi, 180 ünvanında yerləşən evə gələrək qaynatası - Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nazim Həmidovu da odlu silahla sinəsindən yaralayıb.
“Xoşbəxtlikdən o qaynatasını qətlə yetirə bilməyib. Nazim təcili olaraq Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilərək qanaxmasının qarşısı alınıb”, - deyə Elmar Hüseynov bildirib.
Müstəntiqin ANS PRESS-ə bildirdiyinə görə, İmran hadisəni törətdikdən sonra qaçıb. Onun sözlərinə görə, lakin Şabran polisinin qısa operativ əməliyyat tədbirləri nəticəsində o yaxalanaraq istintaqa təhvil verilib.
Elmar Hüseynov faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 (İki və daha çox şəxsi öldürmə) maddəsi üzrə cinayət işi açılıb.
Nazim Həmidov ANS PRESS-ə açıqlamasında qızının 14 ildir İmranla ailəli olduğunu və onların 4 uşaqlarının olduğunu bildirib. Onun sözlərinə görə, kürəkəni ilə qızı yola getmirlərmiş və həyat yoldaşı ailə münaqişəsi ilə əlaqədar tez-tez qızıgilə gedərmiş.
“Sonuncu dəfə aralarında yenə nəsə baş verəndən sonra qızım ata evinə qayıtdı. Daha sonra İmran gəlib mənim yoldaşımı təhqir edib. Mən onu başa saldım ki, belə şeylər etməsin və gəlsin arvaddan üzr istəsin. Bir sözlə qızımı yola vermirdi. Qız iki həftəyə yaxın idi ki, ata evində idi”, - deyə qayınata bildirib.
Elmar İsmayılov ANS PRESS-ə hadisənin ailə münaqişəsi zəminində baş verə biləcəyini istisna etmədiyini bildirib. Lakin o ilkin versiya olaraq hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib. Polisin məlumatına görə, İmranın başqa bir yerdə saxladığı qadın olub
DOSTLARINLA PAYLAŞ: