Daxili orqanlarında Azərbaycana narkotik keçirən iranlı öldü
10 Yanvar 2010 Bazar 10:15
Onun bağırsaqlarından 8 ədəd, mədəsindən isə 118 ədəd sellofana bükülü narkotik vasitə çıxarılıb
Asan qazanc əldə etməklə istəyi İran vətəndaşının öz tamahının qurbanına çevrilməsinə səbəb olub. Narkotik vasitələri daxili orqanlarında Azərbaycana keçirməyə nail olan 31 yaşlı İran İslam Respublikasının vətəndaşı Bani Səffari Behruz Rəhman oğlu Azərbaycanın Astara rayonun Ərçivan kəndində ölüb.

İran İslam Respublikasının Astara şəhərindən olan şəxs 8 yanvar tarixində İrandan Azərbaycanın Astara rayonuna keçib. Həmin gün rayonun Ərçivan kənd sakini Hüseynov Salman Vəliməmməd oğlunun evində qalıb. Səhərisi gün onun səhhəti birdən-birə pisləşib. Ev sahibləri təcili tibbi yardım çağırıblar. Saat 23:45-də təcili yardımın həkimləri artıq onun öldüyünü bildiriblər.
Ölümün səbəblərini araşdırmaq üçün meyid Məhkəmə Tibbi Ekspertizasına aparılıb. Tibbi müayinə zamanı məlum olub, hüquq-mühafizə orqanlarının əməkdaşları gözləmədikləri mənzərinin şahidi olublar.

Belə ki, meyidin bağırsaqlarından 8 ədəd sellofana bükülü, mədəsindən 118 ədəd sellofana bükülü və 1 ədəd açıq bükülü aşkar edilib. İlkin rəyə görə, İran vətəndaşının ölümünə səbəb də elə açılmış bükülü olub.

Bükülülər Məhkəmə Kimyəvi Ekspertizaya təqdim edilib. Ekspertizadan sonra həmin maddələrin narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı müəyyən ediləcək.

Qeyd edək ki, İran vətəndaşı Bani Səffari Behruz Rəhman oğlunun daxili orqanlarından ümumilikdə 340 qram narkotik vasitə çıxarılıb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizanın rəyindən sonra müvafiq maddəyə əsasən cinayət işi açılacaq və İran vətəndaşının Azərbaycanda kimlərlə əlbir olduğu və işlədiyi araşdırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar