Daşkəsəndə hərbi hissədə ölən hərbçilərdən birinin hekayəti
30 Yanvar 2010 Şənbə 17:00
O, yazda toy edəcəkdi
Daşkəsən rayonundakı hərbi hissələrdən birində baş vermiş faciəli hadisənin bir qurbanı bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılıb. ANS PRESS-in məlumatına görə, baş leytenant Anar Ələddin oğlu Quliyev bu gün səhər saatlarında şəhərin kiçik Bazar qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində zabitin xidmət etdiyi hərbi hissənin nümayəndələri, Lənkəran rayon hərbi komissarlığının rəsmiləri, Lənkəran şəhər icra hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərhum Azərbaycan bayrağına bükülərək dəfn edilib.

Qeyd edək ki, Anar Quliyev 1985-ci ildə Lənkəran şəhəri, Axundzadə küçəsi 48 saylı evdə dünyaya göz açıb. Şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 2002-ci ildə hərbçi olmaq arzusu ilə H.Əliyev adına ali hərbi məktəbə daxil olub. 2006-cı ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə başlayıb. 2007-ci ilin avqust ayından Daşkəsəndə döyüş bölgəsində hərbi xidmət keçib. 25 yaşı yenicə tamam olan gənc zabit həm də Quliyevlər ailəsinin ilki idi. Anası Bahirə müəllimə bu yaz oğlunu evləndirmək üçün toy tədarükü də görmüşdü. Şəhər statistika idarəsinin baş məsləhətçisi Ələddin kişi oğlunun qəfil ölümünə heç cür inana bilmir.

Ata Ələddin Quliyev: "Uşaq vaxtından hərbiyə həvəsi var idi. H.Əliyev adına ali hərbi məktəbə yüksək balla qəbul oldu. Hazırda Daşkəsəndə işləyirdi, Baş leytenant idi. Gərək belə olmayaydı, öz dövlətimizdə belə bir iş görməkdənsə, gedib bizim düşmənləri öldürsəydi, yaxşı olardı".

Qeyd edək ki, yanvarda doğulub yanvarda da şəhid olan Anarın və döyüş yoldaşlarının bu faciəli ölümü Lənkəranda təkcə yaxınlarını deyil, bütün rayonu sarsıdıb.

Xatırladaq ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər bir-birlərini güllələyərək öldürüblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar