Çöl quşları bulvara
09 Fevral 2012 Cümə Axşamı 16:48
Qaşqaldaq, qu quşu, qazlara və digər növ quşlar Milli parka kütləvi axın ediblər.
Bu səhər Dənizkənarı Milli Parkın qeyri-adi qonaqları olub. Bunlar şəhər sakinləri yox, quşlar - xüsusən də çöl quşları idi. Bulvarın mənzərəsi qaşqaldaq, qu quşu, qazlara və digər növ quşlara xoş gəldiyindən bura kütləvi quş axın ediblər. Hətta bu günlərdə zooparkada tələf olan sultan toyuğunun qohum-əqrəbası da bulvarda sultanlıq ediblər. Quşlar əsasən Dənizkənarı Milli Park sahillərində və Bayıl buxtasında idi.
Çöl quşları Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova da xoş təsir bağışlayıb. Onun sözlərinə görə, illərdir burada işləsədə, bu qədər çöl quşunun bulvar sahilinə gəldiyini görməyib. Rəis müavininin fikrincə, şimal istiqamətində sahil sularının donması orada məskunlaşmış köçəri və yerli su quşlarının cənuba axın etməsinə səbəb olub.
Qeyd edək ki, son günlər Xəzər dənizinin şimal hissələri, həmçinin Azərbaycan sahillərində donma müşahidə olunur. Bu səbəbdən də bəzi çöl quşları cənuba doğru miqrasiya edir. Sahil ərazilərin daimi sakini olan qağayıların da sayının kəskin artımı və yem axtarmaq məqsədi ilə insanlara daha yaxın uçmaları müşahidə olunurdu.
DOSTLARINLA PAYLAŞ: