Çexiya prezidenti Vaslav Klaus Çiliyə səfəri zamanı etdiyi qeyri-adi hərəkəti ilə diqqət mərkəzində olub. Belə ki, prezident çilili həmkarı Sebastyan Pinera ilə görüşdə protokol imzalanması üçün masaya qoyulan qələmi "özəlləşdirib". ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iki ölkə rəhbərinin jurnalistlər qarşısında çıxışı zamanı qeydə alınıb. Prezidentin hərəkəti əks edilən kadrlar "YouTube" videoportalına yerləşdirilib.
Çexiya dövlət başçısının bu hərəkəti anbaan kameraların yaddaşına həkk olunub. Kadrlardan da aydın görünür ki, Vaslav Klaus həmkarı Avropa və latın Amerikası ölkələrinin əlaqələrinin inkişafı barədə çıxış edən zaman qələm olan qabı açıb. Əvvəlci qələmi əlinə alan çexiyalı rəhbər ona diqqətlə baxır. Sonra qələm olan sağ əlini masanın altına aparır. Bir müddət sonra sağ əl masanın üstünə çıxsa da qələm olmayıb. Sol əli ilə qələmi cibinə salan Çexiya prezidenti hər iki əlini də masanın üzərinə qoyub, boş qalmış qələmqabının ağzını bağlayıb və heç nə olmamış kimi davam edib.
Çexiya prezidentinin nümayəndəsi prezidentin qeyri-qanuni heç bir iş görmədiyini bildirib. Onun sözlərinə görə, rəsmi səfərlər zamanı liderlərə təqdim edilən qələmi hər hansı razılaşma, müqavilə imzaladıqdan sonra götürmək olar. Həmin qələm ilə hər hansı sənədin imzalanıb-imzalanmadığı haqqında məlumat verilməyib.