Cəlilabadda qətl törədən 8-ci sinif şagirdi danışdı
06 Aprel 2011 Çərşənbə 14:54
Hadisənin təfərrüatı məlum olub
Azərbaycanın Cəlilabad şəhərində orta məktəbdə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən 8-ci sinif şagirdi 15 yaşlı H.S. (ad şərtidir) bildirib ki, o öz sinif yoldaşı ilə mübahisə edib. Yaranmış mübahisəni həll etmək üçün sinif yoldaşı həmin məktəbdə oxuyan böyük qardaşı, 10-cu sinif şagirdi 16 yaşlı Cavanşir Həsənlini çağırıb. Nəticədə C. Həsənliyə gücünün çatmayacağını görən H.S. bıçağa əl atıb.
Xatırladaq ki, hadisə dünən səhər saat 11.30 radələrində rayonun 7 saylı orta məktəbində qeydə alınıb. Rayonun Şatırlı kənd sakini 15 yaşlı 8-ci sinif şagirdi H. S. Cavanşir Həsən oğlu Həsənlini bıçaqlayıb. Qaraciyər nayihəsindən bir bıçaq zərbəsi alan yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisə yerinə rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları gedərək, ilkin araşdırmalara başlayıblar. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qətlə yetirilən şagirdin qohumları hadisədən sonra qətli törətməkdə şübhəli bilinən şagirdin evinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Onlar məktəbdə təhlükəsizliyə nəzarət olunmamasına etiraz ediblər.
Qətli törətməkdə şübhəli bilinən şagirdin atası Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin sədridir.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: