Çeçenlər Mazdok-Qazməmməd kəmərini partlatmaq istəyib?
03 Yanvar 2010 Bazar 20:25
Çeçenlər Mazdok-Qazməmməd kəmərini partlatmaq istəyib? 1 yanvar tarixində FHN-nin “102” Xidmətinə məhz bu barədə məlumat daxil olub.
Bir neçə gün öncə Quba rayonunda bölgə ərazisindən keçən Mazdok-Qazməmməd qaz kəmərinə bomba qoyulması ilə bağlı həyəcan yaşanıb.
Bakı şəhərində anadan olmuş 1965-ci il təvəllüdlü, hazırda Qubanın İsnovqışlaq kəndində yaşayan Həmdulla Xudu oğlu Şahverdiyev 2009-cu il 1 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin “102” Xidmətinə zəng edərək dekabrın 31-də çeçen yaraqlılarının onun iki uşağını girov götürdüyünü və övladlarını xilas etmək üçün çeçenlərin təkidi ilə sözügedən qaz kəmərinin altına bomba qoyduğunu, eyni zamanda zəng olunan anda borunu partladacağını bildirib.
Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Əvəzağa Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, “102” Xidmətinə zəng saat 10:09 radələrində daxil olub. Xidmət də öz növbəsində Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə, sonuncu isə Quba rayon Polis Şöbəsinə məlumatı araşdırmaq üçün xəbər verib. Məlumat daxil olan kimi, Quba rayon Polis Şöbəsinin əməliyyat - istintaq qrupu həmin kəndə yollanaraq zəng edən şəxsi yaxalayıblar. Təhlükəsizlik məqsədilə boru kəmərinə yaxın ərazilərdə məskunlaşmış əhali evokuasiya edilib. Ərazi diqqətlə yoxlanıldıqdan sonra bomba aşkar edilməyib. Həmin şəxs polis şöbəsinə gətirilib.
İlkin araşdırma nəticəsində bu adamın dəfələrlə məhkum olunduğu ortaya çıxıb. Sonuncu dəfə onun Dəvəçi rayonunda hakimiyyət nümayəndəsinə hücum etdiyinə görə həbs olunduğu məlum olub.
Nəticədə onun iki uşağının çeçen döyüşçüləri tərəfindən girov götürülməsi xəbəri də, öz təsdiqini tapmayıb. Daha sonra məlum olub ki, Həmdulla Şahverdiyev uzun müddətdir sərxoşluq etdiyinə görə arvadı iki uşağını da götürərək evi tərk edib.
Hazırda onun barəsində Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı məddəsilə (Terror aktı barədə qəsdən yalan məlumat vermək) cinayət işi qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: