Bu ilin üç ayında Bakıda 2671 cinayət hadisəsi baş verib
29 Aprel 2011 Cümə 12:02
Onlardan 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) 2011-ci ilinin birinci rübü üzrə paytaxtda baş verən cinayətlərlə bağlı hesabatını açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin rəsmi qəzetində dərc olunub.
Bu ilin ilk 3 ayında Bakıda 2671 cinayət hadisəsi qeydə alınıb. Onların 2393-ü az ağır və böyük ictimai təhlükə törətməyən, 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Ötən ilin 1-ci rübü ilə müqayisədə bütövlükdə ağır cinayətlər 118 fakt (29,8 faiz), soyğunçuluq 8 fakt (12,7 faiz), mənzil oğurluqları 19 fakt (8,6 faiz), dələduzluqlar 44 fakt (23,5 faiz) azalıb, sui-qəsdlər və qəsdən sağlamlığa az ağır xəsarət yetirmələr sabit qalıb.
Ümumi cinayətlərin 72 faizinin, ağır növ cinayətlərin 68,5 faizinin, o cümlədən ölümə sui-qəsdlərin, zorlamaların, adam oğurluqlarının, hədə-qorxu ilə tələb etmələrin və avtomaşın oğurluğu cinayətlərinin hamısının açılması təmin edilib.
Qeydə alınan 746 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 695-nin (94,4 faiz) açılması təmin edilib. Bununla belə, ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 12 qəsdən adam öldürmələrin 77,8 faizi, ölümə sui-qəsdlərin 100 faizi, quldurluqların 60 faizi, soyğunçuluqların 57,1 faizi açılıb. Eyni zamanda, 15 soyğunçuluq və quldurluq cinayəti törətmiş 29 nəfərdən ibarət 10 qrup, eləcə də 7 mənzil oğurluğu cinayəti törətmiş 13 nəfərdən ibarət 5 qrup ifşa edilib.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 60 kiloqram 787 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərin tutulması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 543 cinayətkardan 192-nin (35,4 faiz) tutulması təmin edilib, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 55, qalıq isə 9 fakt azalıb.
DOSTLARINLA PAYLAŞ: