Bu il Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib
01 Dekabr 2011 Cümə Axşamı 11:20
İnsan alveri ilə bağlı 18 cinayətkar ifşa edilib.
Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə çıxışında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib.
Şıxəliyev bildirib ki, bu il ölkədə 27 nəfər insan alveri qurbanı müəyyən edilib. Beynəlxalq axtarışda olan 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib.
“Hazırda 17 nəfər beynəlxalq axtarışdadır. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan alverçisi bu yaxınlarda Pakistanda vəfat edib. Bu il həmçinin məcburi əməklə bağlı isə 2 cinayət faktı qeydə alınıb” DİN rəsmisi bildirib.
Şıxəliyev qeyd edib ki, Azərbaycanda bu sahədə kifayət qədər mükəmməl qanunvericilik bazası formalaşdırılıb.
“Bəzən Azərbaycanda insan alveri qurbanlarının sayının artması ilə bağlı ABŞ Dövlət Departamentinə səhv məlumatlar ötürülür. Mən bu barədə səfir Metyu Brayza ilə müzakirələr aparmışam. ABŞ səfirliyinə və digər beynəlxalq təşkilatlara bizimlə yaxından əməkdaşlıq etdiyi üçün təşəkkür edirəm”, - Şıxəliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda insan alverinə qarşı çox ciddi mübarizə aparılır və bu tədbirlər nəticəsində bu il tikinti sahəsində 4037 reyd keçirilib, nəticədə əmək istismarı qaydalarının pozulması faktı aşkar edilməyib. DİN rəsmisi bildirib ki, 10-a yaxın rayonda monitorinq aparılıb, lakin azyaşlı uşaqların məcburi əməyə cəlb edilməsi faktları aşkar edilməyib.
DOSTLARINLA PAYLAŞ: