"BMW X5" və ya "Lexus" 4-5 min dollara olmur!
11 Aprel 2011 Bazar Ertəsi 13:10
"Avtomobil idxalı ilə məşğul olan bəzi iş adamları avtomobillərin bəyannamədəki qiymətini aşağı göstərirlər"
"Xaricdən Azərbaycana avtomobil idxalı ilə məşğul olan bəzi iş adamları gömrük rüsumlarından yayınmaq üçün avtomobillərin bəyannamədəki qiymətini aşağı göstərirlər". Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Aydın Əliyev bildirib ki, indi istənilən şəxs komitənin rəsmi saytına daxil olmaqla hansı avtomobil üçün nə qədər rüsum və ya aksiz vergisi ödənilməsini hesablaya bilər. Bununla yanaşı, komitə sədri bəzi iş adamlarının ödəmələrdən yayınmaq üçün avtomobillərin qiymətini qəsdən aşağı göstərdiyini bildirib. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün Avtonəqliyyat Gömrük İdarəsində xüsusi ekspertlər də fəaliyyət göstərir və maşını onlar da qiymətləndirirlər: "Yəni, hamıya məlumat vermək istəyirəm ki, bu günə qədər də olmayıb, bundan sonra da olmayacaq ki, "BMW X5" və ya "Lexus" maşınları 2 min və ya 4-5 min dollara olsun. Sonra da şikayət edirlər ki, niyə bu qiymətə rəsmiləşdirilmir. Çünki bu qiymətə "X5" və ya “Lexus” olmur".

Komitə sədrinin sözlərinə görə, əslində bu maşınların qiyməti göstəriləndən qat-qat yüksəkdir: "Onlar xaricdə daha az qiymətlə müqavilə bağlayırlar. Yəni, 2 min dollarlıq sənəd gətirirlər ki, bu "Lexus"un qiyməti budur. Hətta 5-6 ilin maşını da olsa, 2 min dollar heç onun metal dəyəri deyil. Şəffaflıq olmalıdır, amma dövlət büdcəsindən pulu yayındırmaq olmaz. Onların da borcudur, şəffaflığı təmin etsinlər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar