BMT helikopterləri Kot d'İvuar ərazisinə zərbələr endirdi
05 Aprel 2011 Çərşənbə Axşamı 02:12
Loran Qbaqbo qoşunlarının ağır texnikaya sahib olmasının qarşısı alınır
BMT sülhməramlı qüvvələrinin helikopterləri Kot d'İvuar prezidenti Loran Qbaqboya sadiq ordu hissələrinin mövqelərinə zərbələr endirib. BMT nümayəndəsi bildirib ki, Mi-24 helikopterləri Loran Qbaqbonun qoşunlarına ağır texnikaya (artilleriya və zirehli texnika) malik olmaq imkanı verməmək üçün Abican şəhərindəki Akuedo hərbi bazasına hava hücumu edib. Hücumda Fransaya məxsuks helikopterlər də iştirak ediblər.
Xatırladaq ki, aprelin 2-də Loran Qbaqbonun nümayəndələri Fransa və BMT-ni Kot d'İvuardakı vətəndaş qarşıdurmasına müdaxilədə və üsyançılaraın tərəfini saxlamaqda ittiham etmişdi.
Kot'd-İvuarda prezident seçkilərinin ötən ilin dekabrında keçirilən ikinci turunda rəqibi Alassan Uattaraya uduzan Loran Qbaqbo hakimiyyəti ona təhvil verməyib. Baxmayaraq, yeni prezidentin legitimliyi BMT tərəfindən roəsmən tanınıb. Qbaqbonun ordusu əleyhdarlarına qarşı ağır silahlardan istifadə edib. Müxtəlif məlumatlara görə, indiyədək baş verən toqquşmalarda 460-dan çox adam ölüb.
BMT Təhlükəsizlik Şurası Kot'd-İvuardakı zorakılıqlara son qoyulması ilə bağlı qətnamə qəbul edib. Qətnamədə seçkilərdə uduzan, amma hakimiyyətdən getməkdən imtina edən Loran Qbaqbo və yaxın ətrafına qarşı sanksiyaların tətbiqi də nəzərdə tutulur. Qbaqbo rejiminə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan və Alassan Uattaranın qanuni prezident kimi tanınmasını tələb edən qətnamə layihəsi Fransa və Nigeriya tərəfindən hazırlanıb. Sanksiyalar Loran Qbaqbonun, həyat yoldaşının və yaxın ətrafının xaricə səfərlərinə qadağanı nəzərdə tutur.
DOSTLARINLA PAYLAŞ: