Bir sıra ağır cinayətlər törətmiş cani ölkəyə gətirildi
02 Fevral 2011 Çərşənbə 13:10
O, İqbal Ağazadənin qohumunun öldürülməsində də günahlandırılır
Azərbaycanda bir sıra qətllər, ictimai rezonans doğurmuş ağır cinayətlər törədən, millət vəkilinin qohumunu qətlə yetirən təhlükəli cani ölkəyə gətirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, təqsirləndirilən Elbrus Xəlilov Rusiyadan Azərbaycana ekstradisiya edilib. DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Xəlilov ötən gün Bakıya gətirilib.

E. Xəlilov bir müddət əvvəl Rusiyanın Belqorod şəhərində həbs edilib. Belqorod milisi cinayətkarın həmin regionda ola biləcəyi barədə Azərbaycan polisindən məlumat aldıqdan sonra onu yaxalaya bilib.

Gürcüstan əsilli Elbrus Xəlilov Azərbaycanda yaşayıb, ordudan fərarilik edib və bu cinayətinə görə Sabunçu polisi tərəfindən axtarılıb. O, sonra bir neçə ağır cinayətlər də törədib. Məsələn, bu şəxs ötən il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi, millət vəkili İqbal Ağazadənin qohumları Vüqar Balayevi öldürməkdə, onun atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir.

Bundan başqa, Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə təqsirləndirilir. Tağıyev qəsəbəsində polis əməkdaşlarını qətlə yetirəndən sonra Elbrus Xəlilov onların tabel silahını da özü ilə götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında həmin tapançadan istifadə edilib. Bu tapançanın həmin tabel silahı olduğu sübuta yetirilib.

Bu təhlükəli cani Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törədib. Onun paytaxtda bir neçə valyutadəyişmə məntəqəsindən külli miqdarda pul apardığı qeyd olunur.

Azərbaycanın hüquq-mühafizə orqanları onu dövlətlərarası axtarışa veribmiş. Polis müəyyən edib ki, o, saxta sənədlərlə ölkəni tərk edib və çoban qiyafəsində Belqorod vilayətində gizlənir. E.Xəlilov tutulanda da elə çoban qiyafəsində imiş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar