Bir həftə sonra əsgər gedəcək gənc dünyasını dəyişdi
24 İyun 2010 Cümə Axşamı 20:50
Ucar rayon sakini Bərgüşad kanalında çimərkən boğulub.
Bu gün axşam saatlarında Ucar rayonunda bədbəxt hadisə baş verib. Bir neçə gün sonra həqiqi hərbi xidmətə yollanmalı olan rayon sakini, 2 iyun 1992-ci il təvəllüdlü Fəxri Abdullayev su kanalında boğulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qardaşları ilə birlikdə rayon ərazisindən keçən Bərgüşad kanalında balıq tutmağa gedən 18 yaşlı gənc həmin kanalda çimərkən faciəli şəkildə dünyasını dəyişib.
Kanalın üzərindəki körpünün altından keçən borunun içərisinə girən Fəxri Abdullayev kanalın həmin hissəsində boğulub. Rayon sakinlərinin köməyi ilə gənc oğlanın cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ucar rayonun ərazisindən keçən Bərgüşad kanalının eni 6 metr, dərinliyi isə 2 metrə qədərdir. Kanal Kürdəmir rayonu ərazisində Kür çayına tökülür.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: