Bir gün ölüb gedəcəm, heç kimin xəbəri olmayacaq
06 Mart 2011 Bazar 16:11
Sənətkarın dostları ANS PRESS-ə danışdı
Bu gün Azərbaycanın əməkdar artisti Elçin Həmidovla vida mərasimi yaşadığı evdə, Heydər Əliyev prospekti 101 A ünvanında keçirildi. Onunla vidalaşmaq üçün sənət dostları, yaxınları və qohumları yığışmışdı.
Sənətkarın dostlarından bəziləri öz ürək sözlərini ANS PRESS-ə danışdı:
Xalq artisti Arif Quliyev: “Ümumiyyətlə Elçin Həmidov hər bir insanın üzündə təbəssüm yarada bilən aktyor idi. Musiqili Komediya Teatrında da son işimiz "Evlənmə" tamaşası idi. Onun gözəl parodiyaları, solo ifaları vardı. Belə gündə danışmaq çox çətindir. Biz çox gözəl sənətkarımızı, dostumuzu itirdik. Onun qəfil ölümü bizi çox sarsıtdı. Biz çox yaxın dost idik. O, tək yaşayırdı. Özünü sənətə qurban vermişdi. Ailə həyatı qurmamışdı. Hər bir insanın daxili sirri var. O, sənət sevgisini ürəyində saxlayırdı. Onda şəkər xəstəliyi vardı. Biz İranda qastrolda olanda müayinədən keçmişdi. Təzyiqi vardı. O hər problemi ürəyində saxlayırdı. Heç kimə demək istəmirdi”.
“Bakılı oğlanlar” Şən və Hazırlcavablar Komandasının üzvü, “Planet Parni iz Baku” Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov: “Biz böyük aktyoru, böyük insanı itirmişik. Parlaq obrazlar yaratmış insanı itirmişik. Məhəlləmizin "Məzi"sini itirmişik. Mən 10 ildir Elçinlə həm dostluq edirdim, həm də müxtəlif tamaşalarda birlikdə işləmişəm.
10 il ərzində Elçin hər gün təzyiqindən şikayət edirdi. Həkimə getmişdi. Ona dərman yazmışdılar. Qoy həkimlər məndən inciməsin, burada normal həkim yoxdur! Vallah yoxdur! Demirəm ki, hamı belədir. Bəlkə nadir hallarda əsl mütəxəssisə rast gələ bilərik. Amma burada həkimlərin ona dedikləri başqa idi, digər ölkələrdəki həkimlərin dedikləri başqa. Qastrola getmişdik İrana, orada müayinə olunmuşdu. Orada Elçinə başqa şey dedilər. Əlbəttə, təzyiqin mənbəyi var. İlk növbədə, xəstəliyin mənbəyini bilmək lazımdır.
Özünə baxmırdı...
Dünən konsertimizin növbəti səhnəciyini hazırlayırdıq. Kübra xanım zəng etdi, dedi ki, bu insan 2 gündür telefonlara cavab vermir. Məşqlərə gəlmir. Kübra xanım Elçinin yaşadığı evə gedib. Qapını döyüb, qapını açan olmayıb. Zəng vurub görüb ki, telefonun səsi eşidilir. Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. FHN-nin əməkdaşları qapını açandan sonra artıq Elçin keçinmişdi.
Mühafizə xidmətinin dediyinə görə, axırıncı dəfə onu ölümündən 1 gün qəbaq görüb. Amma yenə nə isə düz gəlmir. Əgər o 2 gün məşqə gəlmirdisə, onu 1 gün əvvəl necə görmək olar? Əlbəttə, bu barədə çox danışmaq olar. Amma danışmaqla onu geri qaytarmaq mümkün olmayacaq. Allah rəhmət eləsin!”.
Aktyor Çingiz Əhmədov: “Bizim üçün danışmaq çox ağırdır. Son vaxtlar birgə məşq edirdik. Qoqolun “Evlənmə” əsərini məşq edirdik. Son vaxtlar gündəlik əlaqə saxlayırdıq. Bu gün danışmaq bizim üçün çox ağırdır. Fevral ayının 23-24-də premyerada oynadıq. Dedim ki, Elçin bizdəkilər sənin rolunu çox bəyəniblər. Telefonu yoldaşıma verdim. Onu təbrik etdi. Elçin çox sevinirdi. Martın 7-i və 14-ü tamaşa olmalıydı. Kassada biletlər də qalmayıb. Onun ölümü bütün sənətsevənlərə pis təsir edir. Onun qan təzyiqi vardı. Onlar ailəliklə qan təzyiqindən əziyyət çəkirlər. Anası, qardaşı, bacısı da cavan rəhmətə gedib. Özü də deyirdi ki, az qalıb, öləcəm. Üstəlik şəkəri də vardı...”
Aktyor Rəfael İsgəndərov: “Elçin Həmidov tərəfdaşdan əvvəl bizim ailənin bir üzvü olub. Onunla səhnəni də bölüşdürmüşük. Həyatda da birgə keçirtdiyimiz anlar çox olub. Yaxın adamımızı itirmişik. O daim şikayət edirdi. Özü də deyərdi ki, bir gün ölüb gedəcəm. Heç kimi də xəbəri olmayacaq. Dediyi kimi də oldu. Allah rəhmət eləsin”.
Əməkdar artist Ağacəbrayıl Abbasəliyev: “Onun özünəməxsus səmimiliyi vardı. Onun tamaşalarındakı rolu hamının yaddaşında qalacaq. Bir çox qadın sənətçiləri gözəl parodiya edirdi. Ondan heç kim incimirdi. Uşaq kimi ürəyi təmiz idi. Çox təəssüf ki, bizim dalbadal cavan sənətkarlarımız gedir. Telman gözümüzün qabağından getməmiş, Elçin də getdi. Adama ağır gəlir. Onun həmişə üzü gülərdi. Bütün dərdlərini içində çəkirdi”.
Qeyd edək ki, Elçin Həmidov saat 14:00-da Xırdalan şəhərindəki qəbiristanlıqda atasının və qohumlarının yanında dənf olundu. Dəfn mərasimində də sənətkarın sənətçi dostları və yaxınları iştirak etdi.
Vida mərasimində Elçin Həmidovun ən yaxın ailə üzvlərindən bacısını görsək də, o hazırda danışa bilməyəvəyini bildirdi.
Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox “Planeta parni iz Baku” qrupunun tamaşalarındakı “Məzi” rolunun ifaçısı kimi tanınıb.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: