Biləsuvar rayonunda bıçaqlanma hadisəsi
07 Aprel 2011 Cümə Axşamı 12:03
Nişanlısı qoşulub qaçdı, dərdə dözməyib özünü bıçaqladı
Azərbaycanın Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs aprelin 5-i günorta saatlarında intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon xəstəxanasına aparılıb.
Xəstəxanadan daxil olan məlumat əsasında oraya yollanan rayon polis şöbəsinin əməkdaşları hadisənin nə səbəbdən baş verməsini aydınlaşdırıblar. Məlum olub ki, özünü öldürməyə çalışan Yardımlı rayon sakini 30 yaşlı Samir Xeyrulla oğlu Mirzəyevdir. O, Biləsuvar rayonunun Aşağı Cünəli kəndindən olan A.F. adlı qızla nişanlı olub. Bu səbəbdən mütəmadi olaraq nişanlısı ilə görüşmək üçün kəndə gəlirmiş. Üç gün əvvəlki görüş isə onun üçün qara kabusa çevrilib. S.Mirzəyev kəndə ayaq basar-basmaz nişanlısının başqa bir oğlana qoşulub qaçdığını eşidir. Eitdiklərinə inana bilməyən Samir nişanlısının eşqindən içki düşkününə çevrilir. Davamlı olaraq spirtli içki qəbul edir. Elə hadisə baş verən zaman da içkili olur. Olanlara inana bilməyən S.Mirzəyev özünə bıçaqla xəsarət yetirərək intihar etməyə cəhd edir. Lakin hadisə şahidləri tərəfindən təcili olaraq xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olur.
Hazırda faktla bağlı polis şöbəsində təhqiqat aparılır.
DOSTLARINLA PAYLAŞ: