Beynəlxalq Valyuta Fondunun rəhbəri həbs edildi
15 May 2011 Bazar 06:02
O, otel qulluqçusuna qarşı seksual hərəkətlərdə təqsirləndirilir
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan Nyu-Yorkda otel qulluqçusuna qarşı seksual hərəkətlər ittihamı ilə həbs edilib. Məlumatı France24 agentliyi ABŞ KİV-inə istinadən yayıb. Agentliyin məlumatına görə, yüksək vəzifəli məmur “Tayms Skver” otelində Parisə yola düşməzdən bir qədər əvvəl həbs olunub. Həbsin digər təfərrüatları məlum deyil.

64 yaşlı Dominik Stross-Kan BVF-ə 2007-ci ildən rəhbərlik edir. O, bundan əvvəl Fransada sənaye, iqtsadiyyat, maliyyə və industriya nazirləri vəzifələrini tutub. Fransa Sosialist Partiyasının üzvüdür. Dominik Stross-Kanı Fransada 2012-ci il prezident seçkilərində əsas mümkün namizədlərdən biri sayırlar.

Bu, Dominik Stross-Kanın iştirakı ilə ilk seksual qalmaqal deyil. 2008-ci ildə jurnalistlər onun BVF-də tabeliyində işləyən qadınla münasibətlərini aşkarlamışdılar. Həmin qadın BVF-dəki işindən ayrılanda qeyri-adi səxavətli pul mükafatı almışdı. Sonradan Dominik Stross-Kan bu münasibətlərindən peşiman olduğunu bəyan etdi və hərəkətlərini “səhv” adlandırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar