Bərdədə uşaq xəstəxanasında qətl hadisəsi olub
19 İyul 2010 Bazar Ertəsi 11:55
Məcburi köçkün həmyerlisini bıçaqlayıb.
Azərbaycanın Bərdə rayonunda qətl hadisəsi baş verib. Baş Prokururluqdan ANS PRESS-ə verilən məlumata görə, 17 iyul 2010-cu il tarixdə saat 20.00 radələrində 52 yaşlı Alışanov Akif Möhübbət oğlu məskunlaşdığı Bərdə rayon Uşaq xəstəxanasının həyətində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qonşusu - 51 yaşlı Bayramov Rza Allahverdi oğluna döş qəfəsi, kürək və qarın boşluğu nahiyələrindən üç bıçaq zərbəsi vurub. Sonuncu ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin gün saat 20.20 radələrində A.Alışanov Rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təslim olub və cinayətdə istifadə etdiyi bıçağı polisə təqdim edib.
Rayon Polis şöbəsindən daxil olan məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə xəstəxanada meyitə baxış keçirilməklə daxili və xarici müayinəsi aparılıb, bundan sonra hadisə yerinə baxış keçirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlayıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Cinayəti törətməkdə şübhəli bilinən A.Alışanov saxlanılıb. O, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. anspress
DOSTLARINLA PAYLAŞ: