Bərdədə evlər su altında qalıb
12 İyul 2011 Çərşənbə Axşamı 22:08
Hadisə leysan yağışları nəticəsində baş verib.
Gecə Bərdə rayonuna yağan güclü yağış nəticəsində məcburi köçkünlərə və yerli əhaliyə məxsus 30-a qədər evi su basıb. Güclü yağış gecə saat 01:00 radələrində başlayıb. 2 saata qədər fasilələrlə yağan leysan nəticəsində rayonun Mirzəcəfərli inzibati ərazi vahidliyinin tərkibindəki Qarağacı, Mirzəcəfərli və Mollagüllər kəndlərində evləri su basıb. Qarağacı kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə vəziyyət daha ağırdır.

6 ev sular altında qalıb. Ailələr gecəni evlərindən kənarda keçirib. Evlərin içində suyun hündürlüyü 30 sm-ə qədər qalxıb. Bütün əşyalar islanıb.

Yerli sakinlərin məxsus evlərin isə əsasən zirzəmilərinə və həyətlərinə su dolub. Mirzəcəfərli kənd icra nümayəndəsi Məqsəd Əzizivun sözlərinə görə, ərazidə qrunt suları yer səthinə yaxındır. Buna görə də, düşən yağıntı torpağa çökməyib və nəticədə su evlərə dolub.

“Adətən kanalaltı zonada yarım metr qazdıqda su çıxır. Axşam yağan yağış nəticəsində nəmlik aşağı çökməyib, üst hissəyə keçib. Buna görə də, qaçqın qəsəbəsində çökək hissədə yerləşən evlərin yanında göllər yaranıb. Kənddə də çökək hissədə yerləşən 5-6 evdə bu vəziyyətdədir”, deyə Mirzəcəfərli kənd icra nümayəndəsi bildirib.

Qeyd edək ki, su basan həyətlərdən bəzilərində əsasən çiy kərpicdən olan yardımçı binalar uçub. Səhər saatlarından etibarən evlərə dolan suyun çəkilməsi üçün kəndə bir ədəd suçəkən maşın göndərilib. İlk növbədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə suların çəkilməsinə başlanılıb. Günün ikinci yarısında FHN-nin əmkdaşları da kənddə araşdırma aparıb. Əraziyə 8 ədəd suçəkən nasosların və canlı qüvvənin göndərilməsinə qərar verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar