Bərdədə canavarlar kəndə hücum edib
13 May 2011 Cümə 11:16
Bərdənin Uğurbəyli kəndində sakinlərə məxsus mal-qara canavar sürüsünün hücumuna məruz qalıb
Bərdə. Teymur Zahidoğlu-APA. Bərdənin Uğurbəyli kəndində sakinlərə məxsus mal-qara canavar sürüsünün hücumuna məruz qalıb. Kəndlilərin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, gecə saatlarında kəndə soxulan yırtıcılar 4 baş xırdabuynuzlu heyvanı parçalayaraq aparıblar. 12 baş qoyunu isə ağır yaralayıblar. Bu barədə dərhal Bərdə Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Hadisə yerinə gələn mütəxəssislər yaralı heyvanlara quduzluq əleyhinə peyvənd vurublar.
Xatırladaq ki, ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından təmas xəttinin yaşayış olan tərəfinə müxtəlif növ yırtıcı heyvan sürülərinin axını son vaxtlar daha da çoxalıb. Vəhşi heyvanların ev heyvanları ilə təmasda olması isə heyvanlar arasında quduzluq və başqa yoluxucu xəstəliklərin sürətlə yayılmasına səbəb olur.
Artıq Ağcabədi rayonunda ev heyvanlarının quduzluq xəstəliyindən kütləvi tələf olması faktı qeydə alınıb. Ağdam və Tərtər rayonlarında isə quduzluq insan ölümünə səbəb olub.
DOSTLARINLA PAYLAŞ: