Cəlilabad rayonunun Gülməmədli kəndində bəbir olduğu güman edilən yırtıcı heyvanın hücumuna məruz qalan 17 yaşlı Zahid Şakir oğlu İsgəndərov üzərində cərrahiyyə əməliyyatı aparılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, cərrahiyyə əməliyyatı təxminən 1,5 saat davam edib. Cəlilabad mərkəzi rayon xəstəxanasının həkimi Babaxan Nəsirov bildirib ki, Zahid İsgəndərov komadan çıxsa da, vəziyyəti ağır kimi qiymətləndirilir. Vəhşi heyvan yeniyetmənin üzünü tanınmaz hala saldığından, cərrahiyyə əməliyyatına göz həkimi də dəvət olunub. Lakin həkim rəy verib ki, Zahid İsgəndərov gözlərindən xəsarət almayıb. Bunban başqa, rayon baytarlıq şöbəsinin əməkdaşları yeniyetməni quduzluğa qarşı peyvənd də ediblər. Hazırda Zahid İsgəndərov xəstəxananın reanimasiya şöbəsindədir. /ANS PRESS/