Baş Prokurorluq: Qızını bıçaqlamış sürücü barəsində həbs qətimkan tədbiri seçilib
22 Dekabr 2011 Cümə Axşamı 23:15
Alış İsmayılov tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilib
Azərbaycanın Baş Prokurorluğu qurumun sürücü əməkdaşının törətdiyi cinayətlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında hadisəyə aydınlıq gətirərək bildirib ki, dekabrın 20-də Baş Prokurorluğun Maddi-Texniki təminat şöbəsində mütəxəssis (sürücü) vəzifəsində işləyən İsmayılov Alış Gülüş oğlu saat 11:30 radələrində qızı - 1987-ci ildə anadan olmuş Gilə Sultanzadənin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evə gələrək aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı bıçaqla vuraraq, ona ağır nəticələrə səbəb olmayan xəsarətlər yetirib.
G.Sultanzadə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti qənaətbəxşdir.
A.İsmayılov hadisədən dərhal sonra Suraxanı rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməli barədə məlumat verib, cinayətdə istifadə etdiyi bıçağı polisə təqdim edib.
Fakta görə, Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, A.İsmayılov şübhəli şəxs qismində tutulub. Dekabrın 22-də A.İsmayılova həmin maddə ilə ittiham elan olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
A.İsmayılov cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi səbəbindən Baş Prokurorluq üzrə müvafiq əmrlə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: