Baş Prokurorluq Gəncədəki qətl ilə bağlı məlumat yayıb
18 İyun 2010 Cümə 17:55
Şübhəli şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Prokurorluğun internet saytında iyunun 18-də Gəncədə baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yerləşdirilib. Məlumata görə, iyunun 18-də saat 04.20-də Gəncə şəhəri, Kəpəz rayon Polis Şöbəsinin növbətçi hissəsindən Gəncə şəhər sakini Nəbiyeva Sinəxanım Abbas qızının yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqla vurularaq xəsarət alması və aldığı xəsarət nəticəsində həmin ünvanda ölməsi barədə şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında Gəncə şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd mətbəx bıçağı götürülüb.

Faktla bağlı şəhər prokurorluğunda həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

Aparılmış ilkin istintaqla müəyyən edilib ki, 37 yaşlı Gəncə şəhər sakini Həsənov Rövşən Firuddin oğlu iyunun 18-də ailə münaqişəsi zəminində qayınanası, 61 yaşlı Sinəxanım Nəbiyevanı yaşadığı ünvanda qəsdən bədəninin müxtəlif nahiyələrinə, o cümlədən döş qəfəsinə bıçaqla bir neçə dəfə vurub və hadisə yerindən qaçıb gizlənib. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Rövşən Həsənov şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq Gəncə şəhər prokurorluğunda davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar