Baldırında narkotika ilə sərhəddən keçmək nəsib olmadı
10 Fevral 2011 Cümə Axşamı 18:25
Azərbaycandan Rusiyaya narkotik maddələrin keçirilməsinin qarşısı alınıb
Azərbaycandan Rusiyaya narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. Belə ki, 32 yaşlı Yaşar Məhəmməd oğlu İbrahimov ayağının baldır nahiyyəsinə 4 kiloqrama yaxın həşiş qətranını bağlayaraq, Azərbaycanın dövlət sərhədini tərk etmək istəyib. Lakin Azərbaycan -Rusiya sərhədinin Qusar rayonu ərazisindəki Şirvanovka keçid məntəqəsində buna imkan verməyiblər. Xaçmaz gömrük idarəsinin Şirvanovka postundan ANS-ə verilən məlumata görə, narkotik maddəni Rusiyaya keçirməyə cəhd edən Y.İbrahimov Ucar rayonunda anadan olub və hadisəyə qədər Bakının Binəqədi rayonunda yaşayırmış.
Qeyd edək ki, onun üzərinə baxış keçirən sərhədçilər hər iki ayağının baldır nahiyyəsinə tənziflə bükülmüş və tənzifin üzərindən xüsusi yapışqanla bağlanmış 8 ədəd bükmədə ümumi çəkisi 3 kq 980 qram olan həşiş qətranı aşkarlayıb.
Faktla bağlı materiallar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilib. Hazırda istintaq Y.İbrahimovun narkotik maddəni haradan əldə etdiyini və Rusiyada kimə çatdırılmalı olduğunu araşdırır.
DOSTLARINLA PAYLAŞ: