Balakəndə qanlı hadisə baş verib
05 Aprel 2011 Çərşənbə Axşamı 00:02
Rayonun Şambul kəndində silah səsləri eşidilib
Balakən rayonunda qanlı hadisə baş verib. Rayonun Şambul kəndində silah səsləri eşidilib. Kənd sakini, 56 yaşlı Qədirov Məhəmməd Əli oğlu sərxoş vəziyyətdə həmkəndlisi Bazarova Narzanət Məhəmməd qızının yaşadığı evə gələrək, onunla şəxsi münaqişə zəminində mübahisə etməyə başlayıb. Mübahisə zamanı Narzanət Bazarovanın oğlu - 1985-ci il təvəllüdlü Mollayev Murad Ramazan oğlu və qonşusu - 1986-cı il təvəllüdlü Amalov Şaban Zeynalabid oğlu da onun yanında olub.
N. Bazarova ilə aralarında olan şəxsi münasibətlərə aydınlıq gətirmək istəyən M. Qədirov onun oğlu Murada və qonşusu Ş. Amalova üzərində olan avtomat silahı ilə hədə-qorxu gəlib. Muradla Şaban qorxuya düşüb qaçmaq istəyən zaman isə M. Qədirov əlindəki avtomat silahdan onların arxasınca atəş açıb. Nəticədə Ş. Amalov qarın, M. Mollayev isə topuğundan güllə yarası alıb.
Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların durumunun orta-ağır olduğu bildirilir. Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M. Qədirov tutularaq istintaqa təhvil edilib.
Ondan bir ədəd qeyri-qanuni saxladığı “AKS” markalı silah götürülüb. Faktı isə Balakən rayon Prokurorluğu araşdırır. Əvvəllər məhkum olunmuş M. Qədirov barəsində cinayət işi başlanılıb. İstintaq tədbirləri həyata keçirilir.
Xəstəxanadan verilən məlumata görə, insident nəticəsində ən ağır yaralanan Ş.Amalov olub.
DOSTLARINLA PAYLAŞ: