"Bal ayı"nı keçirən iranlı gəlin, başqasına qoşulub qaçdı
11 Aprel 2011 Bazar Ertəsi 12:16
Məsələyə İranın Azərbaycandakı Səfirliyi də qarışıb...
"Bal ayı" keçirən iranlı gəlin, başqasına qoşulub qaçıb. Adətən filmlərdə rast gəlinən macəra dolu olay, bu dəfə real həyatda, özü də Bakı şəhərində baş verib. Yeni ailə quran iranlı kişi yatsa yuxusuna da girməyəcəyi hadisə ilə üzləşib. Məsələyə əvvəl polis qarışsa da, baş verənlər qarşısında onlar da aciz qalıb.
Milli.Az bildirir ki, İran vətəndaşı olan 23 yaşlı Möştəba Əsgəri Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edərək 19 yaşlı həyat yoldaşı Səburi Rəhilə Vahid qızının aprelin 6-dan itkin düşməsi barədə məlumat verib. Nəsimi rayon Polis İdarəsindən portala verilən məlumata görə, Möştəba Əsgəri həyat yoldaşı R.Səburi ilə bir müddət əvvəl ailə həyatı qurduğunu və “bal ayı” üçün Bakıya bir neçə günlük səfərə gəldiyini bildirib. Aprelin 6-da isə səhər mehmanxanada yuxudan ayılan zaman arvadını yanında görməyib. Özü bir qədər arvadını axtarsa da, nəticə olmadığından polisə üz tutub.
Polis əməkdaşlarının apardığı axtarışlar 3 gün sonra müsbət nəticə verib, amma arvadının tapılması təzə bəy üçün heç də şad xəbər olmayıb. Belə ki, təzə gəlin - R.Səburi Bakıda başqa oğlanla birlikdə tapılıb. Məlum olub ki, R.Səburi itkin düşməyib, sadəcə Bakıda, elə öz bal ayındaca tanış olduğu bir oğlana vurulub və onunla birlikdə qaçıb.
“Məni axtarmaq lazım deyil. İtkin düşməmişəm, sevdiyim oğlanla birlikdə qaçmışam. Onunla evlənəcəm” – deyə, R.Səburi polis əməkdaşlarına bildirib.
Polisin işi bununla da bitməyib. Onların qadını ərinin yanına aparmaq cəhdləri uğursuz alınıb. Qadın polislərlə söhbətində İrana qayıtmamaq üçün israr edib: “İrana qayıtmaqdan qorxuram. Orada mənim kimi qadınların cəzası ağırdır. Məni orda daşa basacaqlar”.
Qadının bu təlaşından sonra hətta işə İranın Azərbaycandakı Səfirliyi də qarışıb. Rəhilə Səburinin məsələsi hələlik açıq qalıb. Onun İrana qaytarılacağı, yoxsa, Azərbaycan gəlini olacağı məlum deyil.
DOSTLARINLA PAYLAŞ: