Bakıdakı silahlı insidentlə bağlı rəsmi məlumat yayılıb
08 İyun 2011 Çərşənbə 20:32
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında olayın bəzi detalları yer alıb.
Bu ilin 6 iyun tarixində saat 18 radələrində naməlum şəxslər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 saylı ünvanda yerləşən "Kral" şadlıq sarayının qarşısında ictimai qaydanın kobud surətdə pozularaq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməklə "Vinçester" tipli tüfənglə havaya bir neçə dəfə atəş açılmış, nəticədə şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. ANS PRESS Baş prokurorluğun saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilməklə oradan iki ədəd giliz götürülmüş və toplanmış ilkin material üzrə həmin tarixdə Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə qərəzli xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, əvvəllər məhkum olunmuşlar - Dünyamalıyev Sənan Asif oğlu, Ağalarov Cavid Zakir oğlu və Səfiyev Bəhmən Süleyman oğlu iyunun 6-da saat 17 radələrində "Neftçi" Təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Abbasov Şəhriyar Şahlar oğluna məşq prosesinin normal aparılmasına mane olub, sonuncu bununla bağlı iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu "söhbət etmək üçün" "Kral" şadlıq sarayının qarşısına dəvət edib.

Həmin gün saat 18 radələrində S.Dünyamalıyev, C.Ağalarov, B.Səfiyev və şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxslə bir neçə avtomaşında qeyd edilən ünvana gəlib və həmin şəxslərlə Şəhriyar Abbasov arasında mübahisə yaranıb. Bu zaman S.Dünyamalıyev və C.Ağalarov gəldikləri avtomaşından sonuncunun götürdüyü "Vinçester" tipli tüfəngdən hər biri havaya bir dəfə atəş açmış və nəticədə "Kral" şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Ş.Abbasovun tələbəsi Vəliyev Ramil Arif oğluna sağ bud nahiyyəsindən bıçaqla iki xəsarət yetirilib. Bundan sonra onlar gəldikləri avtomaşınlara minərək hadisə yerindən uzaqlaşıblar.

İstintaq zamanı çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri həyata keçirilib və toplanmış ilkin sübutlar əsasında 8 iyun 2011-ci il tarixdə S.Dünyamalıyev, C.Ağalarov və B.Səfiyevin Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində axtarış elan olunub.

Hazırda cinayət hadisəsini törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirləndirilən şəxslərin tutularaq istintaqa cəlb olunmaları üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar