Bakıda yol qəzası velosipedçinin ölümü ilə nəticələndi
23 Avqust 2010 Bazar Ertəsi 13:20
Çörək almağa gedən 14 yaşlı yeniyetmə hadisə yerində keçinib.
Ötən gecə Bakı-Şamaxı yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolun 22-ci kilometrliyində, Müşfiq qəsəbəsinin yaxınlığında velosipedlə yolu keçmək istəyən 14 yaşlı İbrahim Xəlilov 10-RP-687 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomaşın tərəfindən vurulub.
Nəticədə İ. Xəlilov aldığı xəsarətdən yerindəcə keçinib. Yaxınlarının bildirdiyinə görə, İbrahim velosibedlə yolu keçib çörək almağa gedirmiş.
Hadisəni araşdıran Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Rafiq Həsənovdan aldığımız məlumata görə, hadisəni törədən avtomobilin sürücüsü Səid Səfərov artıq saxlanılaraq ilkin ifadəsi alınıb. Sürücü bildirib ki, hava yağıntılı olduğundan qarşısına çıxan uşağı görəndə əyləcə bassa da, avtomobil dayana bilməyib. O, eyni zamanda yolun qaranlıq olduğunu bildirib.
Sonuncu faktı müstəntiq də təsdiqləyərək bildirib ki, həmin yol yaşayış məntəqəsindən keçməsinə baxmayaraq işıqlandırılmır.
Qəza yerinə gələn mərhumun yaxınları və qonşuları son zamanlar artıq neçənci dəfədir ki, həmin ərazidə belə hadisələrin baş verdiyini qeyd ediblər. Müşfiq qəsəbəsinin yaxınlığında salınan 28 May qəsəbəsi böyük yaşayış məntəqəsi olsa da, magistral yolun çəkilişi zamanı burada yolda icazə verilən sürət həddi aşağı salınmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: