Bakıda yeni qurulmuş ailədə faciə
20 Dekabr 2010 Bazar Ertəsi 17:15
Təzə bəy öldü, gəlinin vəziyyəti isə ağırdır...
Bakının Səbail rayonunda yeni qurulmuş ailədə faciə baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Bakı sakini 27 yaşlı Elçin Qədirov və onun 22 yaşlı həyat yoldaşı, Cəlilabad sakini Aynur Hacıyeva M.Hüseyn küçəsində kirayə yaşadıqları evdə huşsuz vəziyyətdə aşkarlanıb. Ər-arvad ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, E.Qədirov orada ölüb, A.Hacıyevanın vəziyyəti isə ağırdır.
Gənclərin dəm qazından zərhərlənməsi ehtimal olunsa da, hələlik ekspert rəyi verilməyib. Buna görə də ölümün səbəbləri dəqiq məlum deyil.
Onu da əlavə edək ki, Elçin Qədirov bir neçə gün əvvəl Aynurla ailə həyatı qurub və Mehdi Hüseyn küçəsində kirayə evə köçüblər. Şəxsi maşınında taksi fəaliyyəti ilə məşğul olan ailə başçısı hər gün səhər saatlarında evdən işə gedirmiş. Hadisə baş verən gün, yəni dekabrın 19-da Elçin səhər işə çıxmayıb. Qonşular günün xeyli hissəsinin keçməsinə baxmayaraq, nə Elçin, nə də Aynurdan səs-soraq olmadığından narahat olublar. Qapının döyülməsi və telefon zənglərinə cavab verilməməsi qonşuları daha da şübhəyə salıb. Evə girən qonşular onların hər ikisini huşsuz vəziyyətdə aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: