Bakıda yaşayış evi yanaraq kül olub
14 Noyabr 2011 Bazar Ertəsi 07:10
Evlərin bir-birinə yaxın olması yanğınsöndürənlərin işini çətinə salıb.
Ötən gecə Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsi ev 75-a yanğın hadisəsi baş verib. İradə Xəlilovaya məxsus iki mərtəbəli fərdi yaşayış evində baş verən yanğın ümumilikdə mənzilin 200 kvadratmetr sahəsini əhatə edib. Yanğından ev sahibləri tez xəbər tutduğundan onlar vaxtında mənzili tərk edə biliblər. Nəticədə hadisə zamanı ev sahibləri arasında xəsarət alan olmasa da, ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yanğın barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) ondan çox yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib. Görüllən tədbirlər nəticəsində yanğının qarşısı alınıb və alovun ətrafdakı digər yaşayış evlərinə keçməsinə yol verilməyib.
Qeyd edək ki, hadisənin baş verdiyi ünvanda yolların dar olması, həmçinin evlərin bir-birinə yaxın məsafədə tikilməsi yanğınsöndürənlərin işini çətinə salıb və yanğınsöndürən maşınlar hadisə yerinə daxil ola bilməyib. Yalnız yanğınsöndürənlər tərəfindən hadisə yerinə çəkilən su xətti vasitəsi ilə yanğının qarşısını almaq mümkün olub.
İlkin ehtimallar görə yanğın evdəki elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş verib. Yanğının qarşısı alındıqdan sonra, hadisə yerinədə FHN-nin təhqiqat qrupu tərəfindən araşdırma aparılıb. Yanğının dəqiq baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: