Bakıda yaşayış binasında güclü yanğın baş verib.
27 Yanvar 2012 Cümə 05:33
Yanğının baş verən zirzəmidə saxlanılan kimyəvi maddələrin alovlanması yanğınsöndürənlərin işini çətinləşdirib.
Ötən gecə Bakının Nizami rayonunda yaşayış binasında güclü yanğın baş verib. Nizami rayonu 8-ci kilometr qəsəbəsi Rüstəmov küçəsi 74 ünvanında meydana gələn yanğın beşmərtəbəli binanın zirzəmisini əhatə edib. Yanğın barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) yanğından mühafizə briqadası və xilasetmə dəstələri cəlb olunub.
Alov tüstü ilə müşahidə edildiyindən binada yaşayan sakinlər evakuasiya edilib. Təhlükəsizliyi təmin etmək məqsədi ilə binaya işıq və qaz verilişi müvəqqəti olaraq dayandırılıb. Sakinlərin sözlərinə görə, yanğın baş verən zirzəmi həmin binada yerləşən 57 saylı mənzil istismar sahəsinin anbarı olub.
Qeyd edək ki, yanğının baş verən zirzəmidə saxlanılan kimyəvi maddələrin alovlanması yanğınsöndürənlərin işini çətinləşdirib. Hadisə nəticəsində yaranan qatı tüsdüdə yanğının qarşısını almaq üçün əraziyə xüsusi təyinatlı yanğınsöndürmə briqaları da cəlb edilib.
Yanğının hansı səbəbdən baş verməsi dəqiq müəyyən edilməsə də, hadisənin ehtiyatsızlıq nəticəsində meydana gəldiyi ehtimal olunur. Yanğının dəqiq baş vermə səbəbləri isə FHN əməkdaşlarının aparacağı araşdırmalardan sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: