Bakıda vətəndaşların girov götürülməsi faktı ilə bağlı cinayət işi başlayıb
01 Dekabr 2011 Cümə Axşamı 21:47
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb.
Bakıda vətəndaşların girov götürülməsi faktı ilə bağlı cinayət işi başlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun yaydığı birgə məlumatda deyilir.
Bakı şəhərində fəaliyyət göstərən "Ekstreme" MMC-nin sədri İsmayılov Dəyanət Əkbər oğlu "Smart Mobile" firmasının direktoru Vahabzadə Mehman Ramiz oğlunu və onun biznes ortağı Mikayılov Samid Rasim oğlunu təxminən 1,4 milyon ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı aralarında yaranmış mübahisəni həll etmək bəhanəsi ilə noyabrın 20-də cəmiyyətin Nəsimi rayonunda yerləşən ofisinə dəvət edib. Bundan sonra həmin şəxslərin ofisdən çıxmalarına məhdudiyyət qoyaraq qeyd edilən vəsaiti tam ödəyənə və mülkiyyətlərini onun adına keçirənə qədər onları ofisdə saxlayacağını, əks təqdirdə işgəncə veriləcəyini bildirib.
Noyabrın 26-da Dəyanət İsmayılov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə gedib, onlara nəzarət etməyi isə ofisdə mühafizəçi işləyən Mətləb Eyvazovla qardaşı Rüfət İsmayılova tapşırıb.
Həmin şəxslərin girov saxlanmaları ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında noyabrın 28-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 8 gün girov saxlanılan Mehman Vahabzadə və Samid Mikayılov qeyd edilən ofisin binasında bağlı qapılar arxasında ayrı-ayrı otaqlarda aşkar edilərək azad olunub.
Fakta görə noyabrın 29-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Mətləb Eyvazov və Rüfət İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Dəyanət İsmayılovun istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: