Bakıda ümumi tualetdə qarət baş verib
09 May 2011 Bazar Ertəsi 05:32
Qarətçilər zərərçəkmişin cibində olan 800 manat pulu götürüb.
Ötən gecə Nəsimi rayonu ərazisində quldurluq hadisəsi baş verib. Hadisə “Səməd Vurğun” istirahət və əyləncə parkında qeydə alınıb. Paytaxt sakini 21 yaşlı Nəsirov Əziz Zəki oğlu həmin parkın ərazisində yerləşən ümumi ayaqyolunda naməlum şəxslərin hücumuna məruz qalıb. Küt alətlə başından zərbə alan Əziz Nəsirov hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi diaqnozu ilə xəstəxanaya gətirilən yaralıya lazımi tibbi yardım göstərilib. Zərərçəkmişin sözlərinə görə isə hər şey qəfildən baş verdiyindən, özünü müdafiə edə bilməyib. Məlum olub ki, Nəsirov hadisədən əvvəl bir tanışı ilə kafedən çıxıb evinə gedirmiş və qarət onun girdiyi ümumi ayaqyolunda baş verib.
Qeyd edək ki, zərərçəkmişin cibində 800 manat məbləğində pul olub və qarətçilər bu pulu onun cibindən götürüb.
Zərərçəkmiş cibində pul olduğunu bilən qarətçilərin onu təqib etdiyini deyib: “Yanımda olanlardan biri dedi ki, 100 manatın birini xırdala, yolda lazım olar. Xırdalayanda 3 nəfər pulu gördü. İzlədilər, ayaqyoluna düşərkən vurdular məni”.
Hadisədən sonra baş verənlər barəsində ərazi üzrə Nəsimi rayon polis idarəsi 22-ci polis bölməsinə məlumat verilib. Bölmənin əməliyyatçıları həmin şəxslərin saxlanılaraq istintaqa cəlb olunması üçün əməliyyatlara başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: