Bakıda tikinti materialları anbarında yanğın baş verib
18 Avqust 2011 Cümə Axşamı 06:50
Əraziyə ümumilikdə 8 bölük cəlb edilib və yanğının qarşısı 1 saat ərzində alınıb
Ötən gecə paytaxtın Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən “Maşr” səhmdar cəmiyyətində - keçmiş 26-lar zavodunda yanğın baş verib. Hadisə fəaliyyəti dayandırılmış zavodun anbar kimi istifadə edilən sexlərində qeydə alınıb. Əsasən tikinti materiallarının saxlanıldığı və umumi sahəsi 250 kvadratmetr olan anbarda baş vermiş yanğından ilk olaraq zavodun gözətçisi xəbərdar olub. Yanğın baş verdiyi görən gözətçi İlqar Məmmədov dərhal yanğınsöndürmə briqadalarına xəbər verib.

Yanğın barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqaları cəlb edilib. Hadisə zamanı anbarda yerləşdirilən və əsasən tezalışan tikinti materialları yandığından ərazidə qatı tüstü meydana gəlib. Bu şəraitdə işləmək üçün isə əraziyə FHN-nin xüsusi təyinatlı yanğından mühafizə briqalasının əməkdaşları da cəlb edildi.

Məlumata görə, əraziyə ümumilikdə 8 bölük cəlb edilib və yanğının qarşısı 1 saat ərzində alınıb.

Qeyd edək ki, yanğının miqyası böyük olduğundan alovun qonşu anbarlara, həmçinin yaşayış evlərinə keçmə ehtimalı da olub. Görülmüş tədbirlər nəticəsində ərazidə olan digər obyektlər mühafizə olunaraq alovun yayılmasının qarşısı vaxtında alındı.

Faktla bağlı FHN təhqiqat idarəsinin əməkdaşları tərfindən araşdırma başlanılıb. Yanğın hadisəsinin nədən qaynaqlandığı aparılan tədqiqatdan sonra bilinəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar