Bakıda təmir olunan yolda qəza baş verdi
20 Sentyabr 2011 Çərşənbə Axşamı 00:25
Hərəkətin gür olduğu prospektin bir tərəfinin xəbərdarlıqsız bağlanması məlumatsız sürücüləri yanıldıb
Bakının Mətbuat prospektində yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, Zakir Zərbəliyevin idarə etdiyi Rusiya dövlət nömrə nişanlı “VAZ-2109” və İlkin Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, təmir gedən prospektdə iki hərəkət zolağından biri bağlanıb və hər iki istiqamətdə hərəkət edən maşınlar eyni zolaqdan istifadə etməli olur. Qəzaya da “Mercedes”in müvəqqəti olaraq əks istiqamətdə hərəkət edən maşınlar üçün nəzərdə tutulan zolağa çıxması üzündən baş verib. “VAZ-2109”-un sürücüsü Zakir Zərbəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, yol bağlı olduğundan, o, qarşı zolaqla hərəkət edib. “Birdən qarşıma “Mercedes” çıxdı. Maşını saxlaya bilmədim”, - sürücü bildirib.

“Mercedes”in sürücüsü İlkin Əhmədov isə deyib ki, yolun başlanğıcında təmir getməsi və zolaqlardan birinin qarşıdan gələn avtomobillər üçün nəzərdə tutulması ilə bağlı heç bir nişan olmayıb: “Nişan olmadığından mən də qarşıdan maşın gələcəyini bilmədim”.

Həqiqətən də, Mətbuat prospektində zolaqlardan biri bir neçə gündür bağlı olsa da, yolda bununla bağlı nişana rast gəlmək mümkün deyil. Bu səbəbdən baş verən qəzalardan biri xəsarətsiz ötüşdü. Amma həmin yolda təmir getdiyi müddətdə növbəti qəzaların baş verməyəcəyi və ya baş verən qəzaların xəsarət və tələfata səbəb olmayacağına heç bir təminat yoxdur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar