Bakıda saxta un məhsulları istehsalçıları aşkarlandı
11 Aprel 2011 Bazar Ertəsi 18:10
Peçenye, kətə, qoğal və bulka istehsalının dayandırımasına göstəriş verilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehsal bazarındakı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Günəşli qəsəbəsi, V yaşayış massivi, 40/41-ci məhəllədə Elçin İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı peçenye məhsullarının müvafiq reseptura olmadan istehsal edildiyi, məhsulların etiketlərində istehsalçının ünvanının göstərilmədiyi, peçenyelərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, habelə peçenye məhsullarının istehsalında xammal kimi mənşəyi məlum olmayan duzdan istifadə olunduğu müəyyən edilib.
Müvafiq reseptura olmadan istehsal edilmiş 1,5 ton peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
Qanun pozuntuları ilə əlaqədar, peçenye məhsullarının istehsalının dayandırılması və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Elçin İsmayılova icrası məcburi göstəriş verilib.
Eyni zamanda, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi, ev 48 ünvanında Yəhya Qafarova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kətə, qoğal və bulkanın uyğunluq sertifikatları və müvafiq resepturalar olmadan istehsal edildiyi, məhsulların etiketlərinin üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi barədə məlumatların göstərilmədiyi, habelə istehsal olunan unlu məmulatların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar olunub.
Qanun pozuntuları ilə əlaqədar, kətə, qoğal və bulka istehsalının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Yəhya Qafarova icrası məcburi göstəriş verilib.
Qeyd edək ki, araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: