Bakının Sabunçu rayonunda hədə-qorxu yolu ilə tələb etmə və şantaj etməkdə təqsirləndirilən 2 jurnalist həbs olunub. Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslər 1957-ci il təvəllüdü Nazim Sirac oğlu Quliyev və 1980-ci il təvəllüdlü Zəmanət Cabbar oğlu Əzimovdur. Məlumata görə, onlar Bakıdakı kafelərdən birinin sahibəsi olan qadına özlərini “Dövlət qanunları” qəzetinin əməkdaşları kimi təqdim edərək hədə-qorxu gəlib və pul tələb ediblər. “Jurnalistlər” əks təqdirdə qadının insan alveri ilə məşğul olması barədə məqalə yazacaqlarını deyiblər. Hər iki şəxs qadının şikayəti əsasında həbs olunub. Onların jurnalist olub-olmamaqları araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.