Bakıda qəbiristanlıqda qız üstündə bıçaqlanma olub
19 Aprel 2011 Çərşənbə Axşamı 11:28
İnşaat Universitetinin tələbəsi orta məktəb şagirdini bıçaqlayıb
Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə aprelin 18-i saat 23 radələrində Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.

Rizvan Erzixanov mübahisə zəminində bıçaqla qəsəbə sakini Həmzə Xəmzəbəyova bədən xəsarəti yetirib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub. Sonuncu isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Qanlı hadisənin təfərrüatları məlum olub. Hadisəyə qız üstündə yaranmış mübahisə səbəb olub. İşi araşdıran Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin təhqiqatçısı Müqəddəs Xankişiyev Milli.Az-a açıqlamasında bildirdi ki, orta məktəbdə oxuyan zərərçəkmiş H.Həmzəbəyov onu bıçaqlayan Rizvan Əzizxanovun sevdiyi qız haqda nalayiq sözlər işlədib. Ona görə də o, məsələni həll etmək məqsədilə Həmzəni qəbiristanlığa "razborka"ya çağırıb. Həmin vaxt qəbiristanlığa Rizvanın qardaşı da gəlib və Həmzənin qız haqda söylədiklərinin doğru olduğunu, buna görə də dava etməyin yersiz olduğunu qardaşına deyib.

Sevgilisi haqda gəzən söz-söhbətlərə məhəl qoymayan Rizvan cibində gəzdirdiyi bıçaqla Həmzəyə döşün arxa və qabaq nahiyələrindən olmaqla iki bıçaq zərbəsi vurub. Onu da əlavə edək ki, Rizvan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsidir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126-cı) maddəsi ilə cinayət işi başlanıb və toplanmış materiallar istintaq şöbəsinə göndərilib.

R.Əzizxanov yaxalanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar