Bakıda polislə azarkeşlər arasında dava düşüb
04 May 2011 Çərşənbə 21:46
Hadisə “Bakı” - “Xəzər Lənkəran” oyunundan sonra baş verib.
Bu gün futbol üzrə Azərbaycan kubokunun “Bakı” – “Xəzər Lənkəran” oyunundan sonra kütləvi dava düşüb. Məlumata görə, davaya “Xəzər Lənkəran”ın azarkeşlərindən biri səbəb olub. O, oyundan dərhal sonra matçın baş hakimi Rövşən Əhmədovu vurmaq istəyib. Bu zaman çılğın fanatı saxlayan polis onu bölməyə aparmağa çalışıb.

Bundan sonra məsələyə “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev müdaxilə edərək azarkeşi polisin əlindən almaq istəyib. Nəticədə tərəflər arasında dava düşüb. Polislərlə davaya “Xəzər Lənkəran”ın oyunçuları və azarkeşləri də qoşulub. Dava zamanı polislər “Xəzər Lənkəran”ın albaniyalı oyunçusu Elvin Beqirini vuraraq yerə yıxıblar. Komanda yoldaşının köməyinə gələn qapıçı Kamran Ağayev də asayiş keşikçiləri ilə davaya girişib.

Hadisə zamanı “Xəzər Lənkəran”ın azarkeşlərindən biri ciddi xəsarət aldığından stadiondan birbaşa xəstəxanaya aparılıb.

Qeyd edək ki, “Bakı”ya 1:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar