Bakıda polis təhqiqatçısından bezən məcburi köçkün özünü yandırıb
05 Dekabr 2009 Şənbə 15:40
Təhqiqatçı Sərraf Cəfərov isə zərərçəkmişin ittihamları ilə razılaşmır
Bakı şəhərində məcburi köçkün özünü yandıraraq intihara cəhd edib. Füzuli rayonundan olan məcburi köçkün olan 37 yaşlı İlqar Əhmədov ötən gün saat 19.00 radələrində Nizami rayonu, Elşad Süleymanov 148 ünvanında, məskunlaşdığı yarımçıq tikilinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. O, qohumları tərəfindən söndürülərək 5 saylı Xəstəxananın Yanıq Mərkəzinə aparılıb.
Zərərçəkmişin əmisi Rza Əhmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qardaşı oğlu İlqar Əhmədovun intihar etməsinə Nəsimi rayon Polis İdarəsinin təhqiqatçısı Sərraf Cəfərovun əməli vadar edib. Belə ki, İ. Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil bir neçə gün əvvəl bir-biri ilə ötüşən naməlum avtomobillər tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində əzilib. İ. Əhmədov onun maşınını əzən şəxslərin tapılması və dəyən ziyanın ödənilməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edib. O, hətta yol qəzası törədən avtomobillərdən birinin dövlət nömrə nişanını müəyyən edərək polisə təqdim edib. Zərərçəkmişin ailə üzvləri iddia edirlər ki, işi araşdıran təhqiqatçı bu işin açlımasında maraqlı deyil.
Təhqiqatçı Sərraf Cəfərov isə ANS PRESS-ə açıqlamasında zərərçəkmişlərin ittihamları ilə razılaşmayıb. Təhqiqatçının sözlərinə görə, sözügedən faktla bağlı Nəsimi Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Hadisəni törədən nəqliyyat vasitələrinin tapılması üçün rəsmi qaydada axtarış elan olunub. İlqar Əhmədovun hadisəni törədən maşınlardan birini tapması ilə bağlı fikirlərə gəlincə, təhqiqatçı hadisənin konkret həmin maşın tərəfindən törədilmədiyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: