Bakıda polis rəisindən şikayətlə bağlı cinayət işi açıldı
12 Aprel 2011 Çərşənbə Axşamı 14:41
Şikayətçi onu 25.000 manatını mənimsəməkdə ittiham edir...
Bakı şəhərində polis rəisi cinayət törətməkdə ittiham olunur. Milli.Az xəbər portalının məlumatına görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin rəisi Rəfail Albabayevin adı dələduzluq əməlində hallanır.
Hüquq-mühafizə orqanlarından portala verilən məlumata görə, polis polkovnik-leytenantının əməli ilə bağlı vətəndaşın ərizəsi var. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Aparılan araşdırmaladan sonra bölmə rəisinin günahkar olub-olmaması məlum olacaq.
Cinayət işinin istintaqını Bakı şəhər Prokurorluğu aparır.
Rəfail Albabayev Milli.Az-a faktı təsdiq edərək şərə düşdüyünü bildirib. Bölmə rəisinin sözlərinə görə, Eldar Eynullayev prokurorluğa müraciət edərək onun tərəfindən aldadıldığını deyib: "Eldar Eynullayev şikayətində göstərib ki, guya onu Binəqədi bazarına müdir müavini vəzifəsinə düzəltmək üçün o, mənə 25.000 manat pul verib. Hətta şikayətində mənə pul verdiyi yeri və vaxtı da göstərib. İş 6-7 ay prokurorluqda araşdırılıb. Lakin araşdırmalardan sonra məlum olub ki, həmin vaxt Şəmkirdə toy mərasimində olmuşam. Fakt təsdiqini tapmayıb".
R.Albabayev ona şər atan, şərəf-ləyaqətinə ləkə yaxan E.Eynullayevi bağışlamayacağını da vurğulayıb. Bunun üçün Nizami rayon Məhkəməsinə müraciət etdiyini də bildirib. "Məhkəmədən Eldarın Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan məlumat vermə) maddəsi ilə həbs edilməsini xahiş etmişəm. Məhkəməyə çağırılsa da, gəlməkdən imtina edib, özünü yandırmaqla hədələyir" - deyə bölmə rəisi əlavə edib.
DOSTLARINLA PAYLAŞ: