Bakıda piyada "Prado"nun altında qalaraq öldü
06 Aprel 2011 Çərşənbə 10:51
"Jiquli" və "Toyota Prado" toqquşub, zərbənin təsirindən "Prado" aşıb
Bakıda iki maşının toqquşması piyadanın ölümü ilə nəticələnib. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saat 19:20 radələrində Yeni Günəşli qəsəbəsi “AB” yaşayış massivində yerləşən “Jasmin” idman-sağlamlıq mərkəzinin qarşısında baş verib.
Məlumata görə, Balakən rayonu Qullar kənd sakini 26 yaşlı İntiqam Rasin oğlu Məmmədovun idarə etdiyi 90-FR-416 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla hərəkət edərkən qarşı tərəfdən gələn Yeni Günəşli qəsəbə sakini 32 yaşlı Pərviz Novruz oğlu Əhmədovun idarə etdiyi 90-CR-663 nömrə nişanlı “Toyota Prado” markalı maşınla toqquşub. “Prado” zərbənin təsirindən yol kənarına çıxaraq aşıb. Bu zaman piyada 48 yaşlı Rahilə Filağa qızı Dadaşova "Prado"nun altında qalaraq hadisə yerində ölüb. Sürücülər isə xəsarət almayıblar.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, "avtoş"luq edən "Jiquli" qarşı tərəfin yoluna keçərək "Prado"nun arxa təkərinə çırpılıb. Zərbənin təsirindən "Prado" aşıb, "Jiquli" isə yol qırağındakı maneəyə çırpılıb.
Faktla bağlı AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başı açılıb, araşdırma aparılır.
Qeyd edək ki, R.Dadaşova Bakıdakı İnstitutlardan birində müəllimə işləyirmiş.
DOSTLARINLA PAYLAŞ: