Bakıda pirat CD və DVD-lərin satışının qarşısı alınıb
02 Dekabr 2011 Cümə 16:27
Aşkar edilmiş 255 ədəd pirat diskin məhv edilməsi barədə məcburi göstəriş verilib.
Bakıda pirat CD və DVD-lərin satışının qarşısı alınıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 3019 ünvanında Polad Quliyevə məxsus mağazada aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı aşkar edilib.

Belə ki, yoxlama zamanı mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsullarının satıldığı müəyyən olunub.

Bununla əlaqədar mağazada aşkar edilmiş 255 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Polad Quliyevə icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara audiovizual məhsullar alarkən onların üzərində istehsalçı barədə müvafiq məlumatların olmasına diqqət göstərməyi tövsiyə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar