Bakıda növbəti manyak hücumu
05 Fevral 2011 Şənbə 11:35
Dələduzlar bu dəfə Nizami rayonunda 6-ya yaxın maşının şüşəsini sındırıblar
Bakıda son 10-15 gündə maşın “manyak”larının qarşısı alınmaz həddə çatıb. Bu gecə Nizami rayonu, B.Nuriyev küçəsi, 67-də dayanan maşınlar, daha dəqiq desək “Mercedes”lər sözügedən dələduzların hücumuna məruz qalıb. Zərərçəkənlərdən biri, 48 yaşlı İradə Əyyubovanın ANS PRESS-ə verdiyi məlumata görə, o, səhər işə getmək üçün maşınına yaxınlaşarkən arxa şüşəsinin sındırıldığını görüb və dərhal ərazi üzrə 24-cü polis bölməsinə gedərək ərizə ilə müraciət edib.

24-çü polis bölməsindən isə ANS PRESS-ə bildiriblər ki, hazırda hadisənin baş verdiyi yerə əməliyyat qurupu göndərilib. İlkin məlumata görə, 6-ya yaxın maşının şüşəsi sındırılıb. Təyin olunan ekspertizadan sonra dəyən ziyan müəyyənləşdiriləcək.

Faktla bağlı heç bir şübhəli şəxs yoxdur. Araşdırmalar davam edir.

Xatırladaq ki, bir neçə gün öncə Bakının Xətai rayonunda "Mercedes" markalı avtomobillər kütləvi şəkildə oğurluğa məruz qalmışdı. Belə ki, fevralın 2-də rayonun Cavanşir küçəsində 25-ə yaxın sakin səhər işə gedərkən avtomobillərinin qarət olunduğunu görüblər. Qarət edilən maşınların hamısı bir qayda olaraq “Mercedes” markalı avtomobillər olub.

Eyni zamanda, bir həftə əvvəl Xətai rayonu N. Tusi küçəsində və Ə. Şıxlınski küçəsində də çox sayda "Mercedes" qarətə məruz qalmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar