Bakıda millət vəkilinin qardaşı oğlu qətlə yetirilib
24 May 2010 Bazar Ertəsi 10:50
Bakıda millət vəkilinin qardaşı oğlu qətlə yetirilib. Onun bədəninə daş bağlayaraq dənizə atıblar.
Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə mayın 20-də qeydə alınıb. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Zaur Əlirza oğlu Mirələmovun oğurlanması barədə onun yaxınları polisə məlumat veriblər. Daxil olan məlumat əsasında polis tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində Z. Mirələmovun qətlə yetirildiyi məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Z. Mirələmovu qətlə yetirməkdə şübhəli bilinən Səməndər Hacıyev və Ramiz Babayev saxlanılıb. İlkin dindirilmə zamanı təqsirləndirilən şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Məlum olub ki, onlar Z. Mirələmovu boğaraq öldürdükdən sonra onun meyitini Zağulba çimərliyində dənizə atıblar. Meyitin üzə çıxmasından ehtiyatlanan cinayətkarlar onu dənizə atarkən üzərinə ağır çəkidə daş bağlayıblar.

Polisə ifadə verən təqsirləndirilən şəxslər Z. Mirələmovu tamah məqsədi ilə öldürdüklərini bildiriblər. Z. Mirələmov öldürüldükdən sonra isə üstündə olan 3000 manat pul cinayətkarlar tərəfindən götürülüb.

Hadisəni törədən şəxslərin iştirakı ilə Z. Mirələmovun meyiti ötən gün dənizdən çıxarılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

Binəqədi polisindən həmçinin bildirilib ki, qətlə yetirilən Z. Mirələmov Azərbaycanın millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğludur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar