Bakıda məcburi köçkünlərin yaşadığı bina yanır
15 İyul 2010 Cümə Axşamı 23:40
Yanğınsöndürənlər hadisə yerinə vaxtında çatsalar da, yanğına müdaxilə edə bilməyiblər.
Bu gün axşam saat 22:50 radələrində Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 9-cu mikrorayon, Həmzə Babaşov 11 ünvanında baş verən yanğın barədə “101 xidməti”nə 22:53-də məlumat verilib, 6 dəqiqə sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası gəlib.

Məcburi köçkünlərin məskunlaşdığı tikintisi tam başa çatmayan çoxmərtəbəli binada baş verən yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə vaxtında çatsa da, Bakı Elektrik Şəbəkəsinin mütəxəssisləri hadisə yerinə gec gəldiyindən yanğına vaxtından müdaxilə edilməsi mümkün olmayıb.

Bakı Elektrik Şəbəkəsinin Qəza xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Mərkəzi Dispetçerə məlumat verilib və hazırda elektrik şəbəkəsinin əməkdaşları hadisə yerinə çatıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın bir neçə mənzili əhatə edir.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar