Bakıda jurnalist rüşvət alarkən tutulub
01 Noyabr 2011 Çərşənbə Axşamı 17:55
Özünü "Unikal" qəzetinin müxbiri kimi təqdim edən Hüseyn adlı şəxs otel sahibindən 1000 manat pul tələb edib.
Qazet əməkdaşı rüşvət alarkən saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" otelinin sahibi Mətləb Əhmədov Daxili İşlər Nazirliyinə müraciət edərək, özünü "Unikal" qəzetinin müxbiri kimi təqdim edən Hüseyn adlı şəxsin ondan barəsində rüsvayedici məlumatlar dərc edəcəyi hədəsi ilə pul tələb etməsini bildirib. Bununla əlaqədar 2011-ci il oktyabrın 31-də keçirilən əməliyyat tədbirləri nəticəsində o, "Romi" otelinin sahibindən 1000 manat pul alarkən saxlanılıb.
Qeyd edək ki, ilkin araşdırmalarla müəyyən edilib ki, H.İsgəndərov "Unikal" qəzetinin müxbiridir. O, bir müddət əvvəl "Göyçə" və "Ağ" otellərin sahibləri Şirzad Əliyevdən və Elçin Vəliyevdən də eyni üsulla müxtəlif məbləğlərdə pul tələb edib. Hüseyn İsgəndərovun cinayətkar əlaqələri və digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: