Bakıda jurnalist Rəsul Şükürsoy bıçaqlandı
31 Avqust 2010 Çərşənbə Axşamı 10:20
Rəsul Şükürsoy evinin qarşısında hücuma məruz qalıb.
Ötən gecə tanınmış idman yazarı Rəsul Şükürsoy evinin qarşısında hücuma məruz qalıb. Belə ki, tanımadığı şəxslər ona bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar. Hadisə Binəqədi rayonunda baş verib. Hazırda xəstəxanada olan R.Şükürsoy hadisəni belə xatırlayır: “Evə gedərkən naməlum şəxs arxadan mənə yaxınlaşdı. O, qəflətən bıçağı çıxarıb sol döşümə tərəf apardı. Özümü tam müdafiə etməyə macal tapmadım. Sadəcə qolumu qabağa verdim. Amma hədəf sol döşüm idi. Onu ayaqla vurub özümdən uzaqlaşdırdım. Bıçağı əlindən düşdü. Sonra o, buduma möhkəm zərbə endirdi. Qolumdan qan axırdı. Ona görə də məni vuranın bıçağını götürüb aradan çıxmasına mane ola bilmədim. Hazırda xəstəxanadayam, qolumdan yaralanmışam”.
Xatırladaq ki, Rəsul bu yaxınlarda Mahmud Qurbanovun redaksiyasına hücum etdiyi “Komanda” qəzetində köşə yazılarıyla çıxış edir. Jurnalist son iki gündə elektron poçtuna hədə xarakterli məktubların gəldiyini bildirirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: