Bakıda imtahan verən 9-cu sinif şagirdləri polislik oldu
18 İyun 2010 Cümə 17:00
Şagirdlərin telefonları nəzarətçilər tərəfindən alınsa da, geri qaytarılmayıb.
Bu gün Bakıda ümumtəhsil məktəblərinin IX siniflərində keçirilən buraxılış imtahanları zamanı xoşagəlməz hadisə baş verib. Yasamal rayonun yerləşən 167 saylı orta məktəbdə keçirilən imtahanda iştirak edən 4 şagirdin telefonu yoxa çıxıb. Bu barədə ANS PRESS-ə valideyn Yasamal rayon sakini Rizvan Ağayev məlumat verib. Onun sözlərinə görə, şagirdlərin mobil telefonları məktəbin girişində nəzarətçilər tərəfindən alınıb.
İmtahandan çıxan digər şagirdlərin telefonları geri qaytarılsa da, Rizvan Ağayevin oğlu Əhməd Ağayev və digər 3 şagirdin telefonu geri qaytarılmayıb. Nəzarətçilər bildirib ki, onların telefonu yoxdur.
Şagirdər faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət ediblər.
Yasamal RPİ 29-cu polis bölməsində işi aparan təhqiqatçı ANS PRESS-ə faktı təsdiqləyərək bildirdi ki, hazırda 4 nəfər şagird və valideyinləri bölmədə şikayət ərizəsi yazır. Yalnız bu şikayətlərdən sonra ilkin araşdırmalara başlanacaq, məktəbdəki mühafizəçilərin ifadəsi alınacaq.
Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanları keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri üzrə 75 imtahan mərkəzində 37410, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 5069 şagird imtahanda iştirak edib.
Qeyd edək ki, əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçirilib. İmtahan test suallarının sayı 50 olub. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata aiddir. anspress
DOSTLARINLA PAYLAŞ: