Bakıda gənclər arasında baş vermiş kütləvi davanın səbəbləri üzə çıxıb
28 Dekabr 2011 Çərşənbə 23:23
Bir nəfərin ölümünə, iki nəfərin xəsarət almasına sosial şəbəkələrin birində xanım üstündə yaranmış mübahisə səbəb olub.
Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qrup gənc arasında düşən kütləvi davanın səbəblərinə aydınlıq gətirilib. Məlum olub ki, bir nəfərin dünyasını dəyişməsinə, iki nəfərin xəsarət almasına sosial şəbəkələrin birində xanım üstündə yaranmış mübahisə səbəb olub. Daha dəqiq desək, qanlı əlbəyaxa bir qadının keçmiş nişanlısının internet saytlarının birində onun şəklinə yazdığı şərhdən qaynaqlanıb.
Bundan xəbər tutan həmin xanımın hazırkı həyat yoldaşı Bədəlov Namiq Nizami oğlu məsələyə aydınlıq gətirmək istəyib və bu məqsədlə qayını Qasımov Hilal Nadir oğlu və tanışı Aslanov Orxan Hikmət oğlu ilə birgə xanımının keçmiş nişanlısı Məmmədov Faiq Tofiq oğlunun sorağına gedib.
“Siqaret çəkirdim, bir nəfər yaxınlaşdı. Dedi ki, qardaşının nömrəsini mənə ver. Dedim kimsən, adını demədi. Mən də dedim sən nömrəni ver o sənə zəng etsin. O da nömrəsini verdi”, - deyə saxlanılan şəxs Natiq Məmmədov bildirib.
Digər saxlanılan şəxs Orxan Aslanov isə bildirib ki, Faiq zəng edərək deyib ki, gəlin “Çinar”ın həyətinə söhbət edək: “Dava üçün getməmişdik. Hilal qızın qardaşıdır. Qızın əri və keçmiş nişanlısı çəkildilər söhbət etməyə. Natiq də getmək istəyəndə, dedik biz getmirik, sən niyə gedirsən? Bir az artıq-əskik danışdı. Sonra Hilala şillə vurdu. Mən də onu vurdum”.
Orxanla Natiqin bu əlbəyaxası ilə dava daha da qızışıb və tərəflər biri-birinə yumruq zərbələri endirməyə başalayıb. Ancaq Orxan Aslanov, Namiq Bədəlov və Hilal Qasımov sayca çoxluq təşkil edən Natiq və onun qardaşı Faiqin dostları tərəfindən möhkəm döyülüblər.
Növbəti davaya isə əks tərəf çoxluq halında yollanıb. Qanlı hadisə zamanı sonradan dünyasını dəyişən 22 yaşlı Yəhyayev İbrahim Zakir oğlu və bıçaq xəsarəti alan 25 yaşlı Hacıbabayev Elman Arif oğlu da bu vaxt onların arasında olub. Saxlanılan Natiq Məmmədovun sözlərinə görə, yarım saat sonra ərzaq almaq üçün bayıra çıxanda, 7 nəfər onun üstünə düşüb: “Maşını sındırdılar, şüşəsini, hər yerini dağıdıblar. Pis günə qoydular. Sonra qaçdım məhəlləyə, qardaşım gəldi. İki nəfər çıxdıq 7-8 nəfərin qabağına, bizi döydülər. Huşumuzu itirdik”.
Orxan Aslanov deyir ki, birinci davada o olmayıb: “İkinci davaya getdik. Mən də dava elədim. Onu gördüm ki, İbrahim bir nəfərin dalınca qaçır. Çağırdım, gəldi oturdu maşına. Dedi ki, məni vurublar. Baxdım qanın içində idi. Apardıq xəstəxanaya, keçindi”.
Nərimanov polisinin apardığı sonrakı araşdırmalar zamanı müəyyən edilib ki, İbrahimlə Elman Natiq və Faiq Məmmədovların tanışı, 22 yaşlı İsmayılov Azər Mufit oğlu tərəfindən bıçaqlanıb. Bizimlə söhbətində isə Azər İsmayılov davaya təsadüfən qoşulduğunu, əslində tərəfləri sakitləşdirməyə çalışdığını bildirib. Ancaq dava edən tərəflərin arasına girəndə o da zərbələrə tuş gəlib.
Saxlanılan Azər İsmayılov deyir ki, məhəlləyə çıxanda görüb ki, davadır: “Mən də girdim davaya. Aralamaq istəyəndə, məni əlimdən vurdular, mən də vurdum. Davaya qoşulduğum uşaqlar məhəllə uşaqları idi, o birilərini tanımıram”.
Qeyd edək ki, Azər İsmayılov həm də idmanla məşğul olur və qaydasız döyüş üzrə 4 qat Azərbaycan çempionudur.
Məlumat üçün bildirək ki, Azərin bıçaq zərbəsinə tuş gələn Elman Hacıbabayev və davanın əsas iştirakçılarından olan Faiq Məmmədov hazırda xəstəxanada müalicə olunur. Qətlin istintaqı isə Nərimanov rayon Prokurorluğunda aparılır. İstintaqçılar faktla bağlı artıq bir neçə nəfərin ifadəsini alıblar. Hələlik hadisədə üç nəfərin adı hallansa da, daha iki nəfərin, yəni Namiq Bədəlovla Hilal Qasımovun da məsuliyyətə cəlb ediləcəyi istisna edilmir.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: