Bakıda ət sexində baş verən partlayışda ölənlərin sayı 3 nəfərə çatıb
03 Avqust 2011 Çərşənbə 13:18
Partlayışa qaz sızmasının səbəb olduğu güman edilir
Bakı. Hafiz Heydərov-APA. Bakıda ət məhsulları istehsal olunan sexdə baş vermiş partlayışda yaralanan şəxsin adı açıqlanıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, o, Bakı şəhər sakini 34 yaşlı Rüstəm Şükürovdur. Yaralının aldığı xəsarətinin yüngül olduğu bildirilir.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov AQPA-ya bildirib ki, hadisə zamanı 3 nəfər ölüb: “Hazırda ölənlərin adı dəqiqləşdirilir. Partlayış dalğası güclü olduğundan meyitlər parça-parça olub. Bu səbəbdən ölənlərin şəxsiyyətini müəyyənləşdirmək çətinləşib. Lakin yaxın saatlarda onların şəxsiyyətini dəqiqləşdirə biləcəyik”.
Qeyd edək ki, bu gün saat 09.30 radələrində Ağa Nemətulla küçəsində yerləşən ət məhsulları istehsal edən sexdə partlayış olub. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməliyyatçıları işləyir.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: